Finalda öz səhvimə görə uduzdum, üstünlük məndə olduğu vaxt dayanmamalı idim.
Bunu “Report”a açıqlamasında Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycan millisinin üzvü Elnurə Məmmədova deyib.
O, çempionluğu öz səhvi ucbatından əldən verdiyini bildirib: “Çempionluq üçün hazırlaşmışdım. Finalın ilk hissəsində hesabda 2:0 öndə idim. Sona qədər belə davam edib qızıl medalı qazanacağıma ümid bəsləyirdim. Bu məqamda bir epizod oldu. Rəqibi döşəkdən çıxarmışdım, mənim ayağımın yarısı çöldə idi. Bunu görüb dayandım. Ancaq hakim fit vermədi. Fit versəydi, xal mənə veriləcək və oyun dayanacaqdı. Rəqib də hakimin fit verməməsindən yararlanıb davam etdi. O, mənə qarşı fənd işlətməyə başlayanda gözləyirdim ki, sayılmayacaq. Çünki həm dayanmışdım, həm də xal qazandığımı düşünürdüm. Belə olan halda rəqibin fəndləri sayılmır. Sonda hakimlər ukraynalı rəqibimin xallarını hesaba aldılar. Nəticədə üstünlük qazandı. Sonradan nə etdimsə, alınmadı. Avropa çempionatında ən çətin görüşüm də, təbii ki, bu oldu”.
Qeyd edək ki, Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığma üzvlərindən Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.