Avropa Oyunlarının ikiqat qalibi : "Çox xoşbəxtəm"
- 23 iyun, 2023
- 16:32
"Çox xoşbəxtəm. Karateçilərimiz 2 qızıl, 1 bürünc medal qazandılar. Hamını təbrik edirəm".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretska deyib.
68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı final görüşünün çətin keçdiyini bildirib: "Yelena Kuiriç mənim üçün prinsipial rəqibdir. Çünki mən dünya reytinqinin 1, o isə 2 nömrəsidir. Premyer Liqa turnirlərində tez-tez qarşılaşırıq. Hərdən mən, hərdən də o qələbə qazanır. Mənə çatmağa çalışır. Mövqeyimi əldən vermək istəmirəm. Çünki bu, mənə əlavə motivasiya verir".
O, final döyüşü zamanı əsəbi olmadığını söyləyib: "Rəqib üçün öyrəşmədiyi taktika hazırlamışdım. Amma düşündüklərimi həyata keçirmək üçün heç də istədiyim hər şey alınmadı. Hesab uzun müddət 1:1 olaraq qaldı. Amma son saniyələrdə dönərək ayaqla vurduğum zərbə mənə qələbə qazandırdı. Bakıdakı Avropa Oyunlarında da belə olmuşdu. Bu, mənim ən sevimli fəndimdir".
Titullu idmançı 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında qazandığı qızıl medalla hazırkı uğuru müqayisə edib: "Həmin vaxt əldə etdiyim medal məni daha yuxarılara qalxmağa motivasiya edirdi. İndi isə zirvədəyəm. Tokio olimpiadasında əldə etdiyim medal geridə qalan 8 ilin hədər getmədiyini, doğru yolda olduğumu göstərdi".
Zaretska daha bir olimpiadada iştirak etmək istədiyini vurğulayıb: "Həyata keçirmək istədiyim daha bir arzum var. Olimpiya çempionu olmaq istəyirəm. Ona görə də karatenin yenidən Oyunların proqramına salınmasını səbirsizliklə gözləyirəm. Hər zaman işimə ciddi yanaşıram. Təsadüfi deyil ki, özümü "Qızıl qız" adlandırıram".
O, sonda Azərbaycanı çox sevdiyini söyləyib: "Hamınızı öpürəm".
Qeyd edək ki, İrina Zaretska Avropa Oyunlarının ikiqat qalibidir.