Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi medal qazana bilər

Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi medal qazana bilər Rafiq Hüseynov həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək
Fərdi
3 Aprel , 2022 09:00
Avropa çempionatı: Azərbaycanın daha 5 yunan-Roma güləşçisi medal qazana bilər

Bu gün Azərbaycanın beş Yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında medal qazana bilər.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə 82 kq çəki dərəcəsində mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rafiq Hüseynov final görüşünə çıxacaq.

34 yaşlı idmançı həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) ilə üz-üzə gələcək.

60 kq-da yarışan Murad Məmmədov bürünc medal uğrunda qarşılaşmada Razvan Arnaut (Rumıniya) - Helari Maigisalu (Estoniya) cütünün qalibi ilə, 67 kq-dakı Həsrət Cəfərov Sebastian Nadla (Serbiya), 72 kq-da yer alan Ülvi Qənizadə Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) cütünün güclüsü güləşəcək.

97 kq-da çıxış edən Murat Lokyayevin 1/8 finalda uduzduğu finlandiyalı Arvi Savolaynen finala yüksəldiyindən Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Lokyayev yunanıstanlı Laokratis Kesidislə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıblar.

Sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi