Teodora Georgiyeva: "Azərbaycan qazının hasilatının artırılması IGB-nin də rolunun güclənməsinə xidmət edəcək"

Teodora Georgiyeva: "Azərbaycan qazının hasilatının artırılması IGB-nin də rolunun güclənməsinə xidmət edəcək" Avropaya şaxələndirilmiş tədarükün təmin edilməsində Azərbaycan qazının rolu son illər əhəmiyyətli dərəcədə artıb və bunun yaxın gələcəkdə dəyişməsi qeyri-mümkündür.
Energetika
27 Avqust , 2024 15:59
Teodora Georgiyeva: Azərbaycan qazının hasilatının artırılması IGB-nin də rolunun güclənməsinə xidmət edəcək

Avropaya şaxələndirilmiş tədarükün təmin edilməsində Azərbaycan qazının rolu son illər əhəmiyyətli dərəcədə artıb və bunun yaxın gələcəkdə dəyişməsi qeyri-mümkündür.

"Report" xəbər verir ki, bu fikri ICGB boru kəməri şirkətinin icraçı direktoru Teodora Georgiyeva səsləndirib.

O xatırladıb ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) birbaşa Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birləşməsi Bolqarıstanın Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsi olmasını və həm ölkə, həm də daha geniş region üçün şaxələndirilmiş mənbələrdən etibarlı təbii qaz tədarükünə çıxışı təmin edir. Eyni zamanda, inkişafının ilkin mərhələlərində IGB boru kəmərinin əsasını Azərbaycandan qaz tədarükü təşkil edib.

“Azərbaycanın işlənməmiş yataqlarda böyük qaz potensialı var və hesab edirəm ki, məhz bizim infrastrukturumuz (IGB) vasitəsilə bu həcmlər əsasən nəql olunacaq... Trans-Adriatik qaz kəmərinin tutumunun genişləndirilməsi ilə bağlı xəbərlər və yaxın illərdə Azərbaycanın Avropaya təbii qaz ixracını artırmaq öhdəliyi fonunda hesab edirik ki, IGB-nin də rolunu gücləndirmək üçün imkanlar var”, - icraçı direktor qeyd edib.

O, həmçinin bildirib ki, ICGB konsorsiumu Azərbaycan tərəfi ilə çox yaxşı əlaqələr qurub: “O, bizim Avropaya qaz tədarük edən əsas və son dərəcə etibarlı tərəfdaşımızdır. Zamanla biz uzunmüddətli əlaqələr və qarşılıqlı etimad qurmuşuq ki, bunlara da nail olmaq asan deyil”.

T.Georgiyeva onu da vurğulayıb ki, IGB xüsusən də SGC ilə birbaşa birləşmə sayəsində Şaquli Qaz Dəhlizində mərkəzi rol oynayır.

“Boru kəmərinin yerləşdiyi yer son dərəcə strateji əhəmiyyətlidir, çünki bir növ kəsişmədədir - Bolqarıstanı birbaşa Cənub Qaz Dəhlizi ilə birləşdirərək tədarükün şaxələndirilməsinə imkan verir, həmçinin Trans-Balkan boru kəməri ilə sinerji təşkil edərək üçüncü bazarlara nəql üçün bir çox imkanlar yaradır. Bu mənada Şaquli Qaz Dəhlizinin həyata keçirilməsindən danışarkən interkonnektorun gələcək inkişafı ən vacib prioritetlərdən biridir”, – o əlavə edib.

Son xəbərlər

Orphus sistemi