Nazir: "Yaxın 4 ildə Azərbaycanda 4 upstream layihəsi istismara veriləcək"
- 03 mart, 2026
- 12:20
Azərbaycan hazırda dörd upstream layihəsinin 2026-2029-cu illərdə istismara verilməsi üzərində işləyir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, bu il "Azəri-Çıraq-Günəşli"də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatı gözlənilir: "Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur".
Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 QVt həcmində bərpa olunan enerji güclərinin və "Xəzər-Qara dəniz-Avropa", Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə "Azərbaycan-Türkiyə-Avropa", "Transxəzər" və "Şərq-Qərb" yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha gücləndirəcəyi vurğulanıb.