Nazir: "Son 2 ildə BTC ilə Türkiyə və beynəlxalq bazarlara 53 milyon tona yaxın neft çatdırılıb"

Energetika
  • 10 dekabr, 2025
  • 12:23
Nazir: Son 2 ildə BTC ilə Türkiyə və beynəlxalq bazarlara 53 milyon tona yaxın neft çatdırılıb
Pərviz Şahbazov

Ötən il və bu ilin 11 ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ümumilikdə 53 milyon tona yaxın Azərbaycan, qazax və türkmən nefti Türkiyə və beynəlxalq bazarlara çatdırılıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Enerji Nazirlərinin 5-ci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu dövrdə Türkiyə 18,7 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələri isə 24,6 milyard kubmetr qazla təchiz edilib: "Ötən illə müqayisədə bu il Macarıstana qaz nəqli 7 dəfədən çox artıb. Ölkələrimiz arasında neft məhsulları və neft-kimya məhsullarının təchizatı sahəsində intensiv əməkdaşlıq mövcuddur".

Nazir bildirib ki, Türk Dövlətləri Təşkilatının inkişafı Azərbaycanın strateji prioritetləri arasında mühüm yer tutur: "Ötən il üzv və müşahidəçi ölkələrlə ticarət dövriyyəsi 7,3 milyard dolları ötüb. 20 milyard dollardan artıq qarşılıqlı investisiya portfelimizin 70-80 %-dən çoxu enerji sektorunun payına düşür. Birgə investisiya fondları və çoxsaylı layihələr, xüsusilə enerji sahəsində əməkdaşlıq iqtisadi artıma mühüm töhfə verir və sektorun dinamikası bunu aydın göstərir".

O qeyd edib ki, hazırda TDT formatında Azərbaycanın digər türk dövlətləri ilə enerji əməkdaşlığı ikitərəfli və regional layihələrlə yeni mərhələyə qədəm qoyub: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Cənub Qaz Dəhlizi layihələri ilə uzun illər region və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayan Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığı bu gün uğurla genişlənir. "İğdır-Naxçıvan" qaz kəmərinin istismara verilməsi, "Türkiyə Petrolleri"nin "Şəfəq-Asiman" layihəsinə qoşulması və Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarükü strateji müttəfiqliyimizin yeni uğurlarını nümayiş etdirir".

P. Şahbazov həmçinin vurğulayıb ki, neft-qaz kəşfiyyatı və hasilatı sahəsində Türkiyə və Macarıstanla olan fəal əməkdaşlığımız artıq Özbəkistan və Qazaxıstanı da əhatə edir: "Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uzbekneftegaz"ın birgə əməkdaşlığı ilə "Üstyurt" regionunda axtarış-kəşfiyyat layihəsinə rəsmi olaraq start verilib, birgə əməliyyat şirkəti yaradılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti