“Azərbaycan qlobal enerji bazarında sabitlik üçün ən vacib kanallardan biri olan OPEC+ qrupuna qoşulub. Biz bu formatı sabitliyin gücləndirilməsi və tarazlığa nail olunması üçün ən vacib vasitələrdən biri kimi görürük. OPEC+ bazarın gələcəkdə daha münasib inkişafı üçün yollar təklif edə bilər”.
“Report” xəbər verir ki, bunu “Asharq Al-Awsat” nəşrinə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.
Onun fikrincə, neft uzun illər əsas enerji mənbəyi olaraq qalacağı üçün OPEC+-nın bazarın sabitliyində oynadığı rol enerjinin gələcəyi üçün həyati əhəmiyyət kəsb edəcək: “Qiymətləri sabit saxlamaqdan daha vacib olanı enerji təchizatının davamlılığını təmin etməkdir. Enerji qiymətləri zaman keçdikcə dəyişə bilər, lakin bu, qlobal enerji təchizatında dəyişiklik kimi eyni təsirə malik olmayacaq. Bu səbəbdən OPEC+-un səylərini qiymətləndirmək ədalətlidir”.