Sabahdan məscidlər açılır

Sabahdan məscidlər açılır Sabahdan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.
Din
9 İyun , 2021 15:34
Sabahdan məscidlər açılır

Sabahdan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı qaydalara əsasən, yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir.

Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər. Bütün bu qaydalar tezliklə sərbəst şəkildə ibadət şəraitinin bərpa olunması məramına xidmət etməklə müvəqqəti xarakter daşıyır.

Son xəbərlər

Orphus sistemi