Hacı Şahin Həsənli: "Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir"

Hacı Şahin Həsənli: "Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir" “Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyəti həddindən artıq çoxdur. Bu tədbir dünya dini liderlərinin, dünya ictimaiyyətinin Azərbaycandakı tolerantlıq mühitinə, multikulturalizmə, din-dövlət münasibətləri modelinə diqqətinin cəlb olunmasına xidmət edir”.
Din
15 Noyabr , 2019 10:19
Hacı Şahin Həsənli: Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir

“Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyəti həddindən artıq çoxdur. Bu tədbir dünya dini liderlərinin, dünya ictimaiyyətinin Azərbaycandakı tolerantlıq mühitinə, multikulturalizmə, din-dövlət münasibətləri modelinə diqqətinin cəlb olunmasına xidmət edir”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, bu tədbir həm də Azərbaycanın mədəniyyəti və inkişafı ilə dünya ictimaiyyətini tanış etmək baxımından olduqca əhəmiyyətlidir:

“Heç kəsə sirr deyil ki, müasir dövrdə bir çox konfliktlərin, bir çox münaqişələrin kökündə dini faktor dayanır. Yəni dindən siyasi məqsədlər, ölkələri dağıtmaq, əmin-amanlığı pozmaq və insanları qarşı-qarşıya qoymaq üçün istifadə edilir. Belə bir şəraitdə Azərbaycanın dini mühitinin, dövlət-din münasibətlərinin özünəməxsus modelini dünyaya təqdim etmək olduqca zəruridir. Hazırda bir sıra qərb dövlətlərinin və Avropa ölkələrinin multikulturalizmdən imtina haqqında danışan zaman Azərbaycanda dinlər və mədəniyyətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərmək çox əhəmiyyətlidir. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanın Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi Prezident İlham Əliyevin sərəncamından irəli gəlir. Bu, həm də Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərinin tərkib hissəsidir”.

"Müxtəlif ölkələrdən Bakıya gələn dini liderlərin Azərbaycandakı bu mühiti yaxından görməsi müsbət nəticədir".

Hacı Şahin

Hacı Şahin Həsənli

Din xadimi bildirib ki, müasir dövrdə, ümumiyyətlə, dini mövzu aktuallıq kəsb edir: “Xüsusilə də Azərbaycana olan diqqət və marağın əsas səbəbi də məhz din-dövlət münasibətləridir, dinlərarası və müxtəlif dini etiqadda olan insanlararası barış mühitidir. Belə bir mühit dünyanın bir çox ölkəsində yoxdur. Avropalı üçün tolerantlıq hüquqi öhdəlikdirsə, Azərbaycanda isə dözümlülük mədəniyyət göstəricisidir. Bütün bu məsələlərin dünyaya tanıtdırılması baxımından bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir. Müxtəlif ölkələrdən Bakıya gələn dini liderlərin Azərbaycandakı bu mühiti yaxından görməsi müsbət nəticədir. Mən şahidi olmuşam ki, əcnəbi dini liderlər Azərbaycandakı mühiti gördükdə təəccüblərini və heyrətlərini gizlətmirlər və onlar artıq Azərbaycanı belə bir münasibətlər sistemində mövcud olan dövlət kimi tanıyırlar. Mən bunun şahidi olmuşam”.

Qeyd edək ki, noyabrın 14-də Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi