Zelenski: Ukraynaya gecə 129 zərbə PUA-sı ilə hücum edilib
- 11 fevral, 2026
- 12:55
Rusiya ordusu ötən gecə Ukrayna ərazisinə ümumilikdə 129 zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ümumilikdə axşam saatlarından etibarən Ukrayna ərazisinə 129 zərbə pilotsuz uçuş aparatı ilə hücum edilib, onların əhəmiyyətli hissəsi "Shahed" tipli dronlardır",- o yazıb.
Onun sözlərinə görə, PUA-lar xüsusilə Zaporojye və Sumı vilayətlərinə zərbə endiriblər: "Bu gün səhər pilotsuz uçuş aparatı ilə Zaporojyedə xəstəxanaya hücum edilib. Sumı vilayətində isə gecə saatlarında pilotsuz uçuş aparatının zərbəsi nəticəsində altı nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Təəssüf ki, bir nəfər həlak olub".
V.Zelenski həmçinin əlavə edib ki, Konotopda dəmiryolu deposuna zərbə endirilib, yanğınsöndürmə qatarı zədələnib.
Eyni zamanda Dnepr, Zaporojye və Poltava vilayətlərinə zərbələrin endirildiyi barədə məlumat verilir.