Romano Prodi: BMT illər keçdikcə daha da gücsüzləşir
- 12 mart, 2026
- 15:50
BMT dekolonizasiya və sülhməramlı missiyalar kimi proseslərdə böyük rol oynamasına baxmayaraq, illər keçdikcə o, daha da gücsüzləşir.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın sabiq Baş naziri Romano Prodi Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, BMT-nin səmərəliliyinin zəifləməsi, daha çox, zamanla Təhlükəsizlik Şurasının rolunun güclənməsi ilə bağlı idi, burada da özünəməxsus funksiya bölgüsü formalaşıb.
"Kiçik problemlər BMT-yə, böyük problemlər isə Təhlükəsizlik Şurasına verilirdi", - Prodi deyib.
O vurğulayıb ki, insanlar hər hansı beynəlxalq institutun proseslərə təsir etmək qabiliyyətinə inanmamağa başlayanda bu öz gücünü itirir. Sabiq baş nazirin sözlərinə görə, Təhlükəsizlik Şurasının iclasları zamanı onu çoxluğun qərarının necə olacağı yox, məhz kimin veto hüququndan istifadə edəcəyi daha çox maraqlandırıb.
Prodi həmçinin qeyd edib ki, Qlobal Cənub, Latın Amerikası və digər region ölkələrinin rolunun gücləndirilməsi xeyrinə olan arqumentlər ədalətlidir.
"Lakin əgər bu zaman veto hüququ saxlanılırsa, vəziyyət yalnız pisləşir, çünki ondan istifadə edə bilənlərin sayı artır", - o bildirib.
Prodi vurğulayıb ki, böhran həm BMT platformasında, həm də hökumətlərin daxilindəki bütün səsvermə institutlarına təsir göstərir.
"Məhz buna görə də indi, Avropa institutlarının dərin böhranı şəraitində, Almaniya kansleri Fridrix Merts yekdillik prinsipindən çoxluqla səsverməyə keçməyi təklif edib, çünki aydındır: yekdillik tələbi faktiki olaraq institutları iflic edir", - o əlavə edib.