Nigeriyada məktəbdən qaçırılanların sayı 300 nəfəri ötüb - YENİLƏNİB
- 22 noyabr, 2025
- 13:25
Nigeriyada Müqəddəs Məryəm katolik məktəbindən silahlı şəxslər tərəfindən qaçırılanların sayı 315-ə çatıb, onlardan 303-ü şagirddir.
"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
"Nigeriyanın Xristian Assosiasiyasından bildirilib ki, ötən gün səhər saatlarında baş verən kütləvi qaçırılmadan sonra yoxlama zamanı yeni məlumatlar əldə edilib. Qaçırılanların 303-ü şagird və 12-si müəllimdir", - agentlik yazıb.
Nigeriyada silahlı şəxslər ölkənin qərb bölgəsindəki katolik məktəbinə hücum edərək 200-dən çox şagird və 12 müəllimi qaçırıblar.
"Report" "Associated Press"ə istinadən məlumatına görə, hücum Aqvara yerli hökumətində, Papiri icmasındakı Müqəddəs Məryəm Katolik Məktəbində baş verib.
Agentliyin məlumatına görə, 215 şagird və 12 müəllim qaçırılıb. Nigeriya Xristian Assosiasiyasının (CAN) dövlət bölməsinin nümayəndəsi Daniel Atori bildirib ki, qaçırılanların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün səylər göstərilir.