Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək

Digər ölkələr
  • 05 noyabr, 2026
  • 02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək

Fransa hakimiyyəti noyabrın 5-də ölkə üzrə keçirilməsi planlaşdırılan kütləvi etiraz aksiyalarının təhlükəsizliyini təmin etmək üçün 70 min polis və jandarm cəlb edəcək.

"Report" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunes "BFMTV" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ictimai asayişin qorunmasına oktyabrın 31-də keçirilən etiraz aksiyaları zamanı olduğu qədər hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunacaq.

Təhlükəsizlik tədbirlərində xüsusi təyinatlı bölmələr, kinoloji xidmətlər və atlı polis də iştirak edəcək.

Daxili işlər naziri vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əsas vəzifəsi nümayişlərin dinc şəraitdə keçirilməsini təmin etmək və iğtişaşların qarşısını almaqdır.

"Qanunsuz hərəkətlərə cəhd edilərsə, cavabımız son dərəcə sərt olacaq. Heç bir iğtişaşa dözməyəcəyik və qayda pozanlar saxlanılacaq", – nazir xəbərdarlıq edib.

Etiraz aksiyaları Fransanın ən böyük həmkarlar ittifaqlarının çağırışı ilə keçiriləcək ümummilli tətil fonunda baş tutacaq. Həmkarlar ittifaqları əməkhaqqının və məşğulluğun qorunmasını tələb edirlər.