"ABŞ-da yaşayan azərbaycanlı olaraq, Qarabağ haqqında həqiqətləri amerikalılara çatdırmağı, universitetdə əldə etdiyim bilikləri Vətənim naminə istifadə etməyi özümə borc bilmişəm".
Bunu “Report”a Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayının iştirakçısı, ABŞ-da yaşayan azərbaycanlı Yasmin Bəşirova bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı ABŞ-da yaşayan azərbaycanlılar olaraq, həqiqəti çatdırmaq üçün əllərindən gələni edir, o cümlədən, Xocalı faciəsi haqqında tədbirlər təşkil edirdilər.
“Ölkəmizin tarixi haqqında məlumat verirdik. İcma üzvlərimizdən biri Xocalı faciəsini yaşamış şəxsdir. Bu tədbirdə toplaşmış 1000 nəfərin Xocalı haqqında həqiqətləri eşitməsi mənim üçün böyük şərəf oldu. Dayanmaq olmaz. Bu şəkildə də davam etmək və xalqımızın yaşadıqları barədə məlumat vermək lazımdır”, - o deyib.
15 yaşında ABŞ-a köçmüş və San-Fransisko şəhərində yaşayan Yasmin Bəşirova "Goldman Sachs" investisiya bankında işləyib.