Ermənistan ordusuna xarici hərbi mütəxəssislərin cəlb olunması ciddi narahatlıq doğurur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov oktyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsi: müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət başçısının parlamentdəki çıxışında Azərbaycanın təhlükəsizlik məsələsinə diqqət yetirməsi təsadüfi deyil:
"Ermənistanın Vətən müharibəsindən sonra hərbi xərclərini artırması ciddi narahatlıq doğurur. 2020-ci ildə müharibə zamanı Ermənistanın hərbi xərcləri 600 milyon dollar olub. Sonralar bu rəqəm 2024-cu ildə 1.4 milyard və 2025-ci il üçün 1.7 milyard dollara qədər artırılıb. Açıq görünür ki, Ermənistan hərbi büdcəsini müharibədən sonra ciddi şəkildə artırdı".
Deputat qeyd edib ki, son üç ildə artırılmış hissə 3 milyard dollara yaxındır:
"Bu, reallığın ancaq bir hissəsini əks etdirir. Çünki Ermənistan böyük atəş gücünə malik silahlar, hava hücumundan müdafiə sistemləri alır. Əsas tərəfdaşları Fransa və Hindistandır. Ermənistan silahlı qüvvələrinin baş qərargahında orduya xarici müşavirlərin cəlb olunması ciddi narahatlıq doğurur".
Q.Məmmədov Azərbaycanın hərbi büdcəsinin Ermənistanınkından artıq olması barədə bəzi dairələrin qeydi ilə əlaqədar aşağıdakıları bildirib:
"Lakin Ermənistanın təcavüzkar keçmişi, revanşist meyilləri var. Bu dövlət nə zaman özündə hərbi üstünlük hiss etsə, Azərbaycana qarşı təxribatlar törədir, işğal siyasəti yürüdür. Ona görə də bu məqamları nəzərə aldıqda ümumi narahatlıq anlaşılandır. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, büdcə layihəsi Milli Məclisə təqdim olunacaq və burada təhlükəsizlik, hərbi xərclərin artırılması məqamları da əks olunacaq".
Deputat vurğulayıb ki, Azərbaycanda XIX əsrdə ən çox məscid İrəvan quberniyasında olub:
"Azərbaycanlılar İrəvanda və Qərbi Azərbaycanda təkcə yaşamayıblar, orada həm də böyük mədəni irs qoyublar. Ona görə də Qərbi azərbaycanlıların bu torpaqlara qayıdışı insan haqlarının ən vacib prinsiplərindən biri kimi diqqətdə saxlanılır. 1989-cu ildən fəaliyyət göstərən Qərbi Azərbaycan İcması bu istiqamətdə davamlı iş aparır".