Bakıda xarici qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib

Bakıda xarici qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib Dünya Gənc Türk Yazarlar Birliyinin qonaqlarına “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı təqdim edilib
Daxili siyasət
8 İyun , 2016 19:51
Bakıda xarici qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilib

Bakı. 8 iyun. REPORT.AZ/ Dünya Gənc Türk Yazarlar Birliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan xarici nümayəndə heyətləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) olub.

Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, görüşdə QMKİDK sədrinin müavini Fuad Hüseynov qonaqlara qurumun fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu münaqişə XX əsr Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini qeyd edən Fuad Hüseynov deyib: “1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilib, onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb. Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız ata-baba yurdlarından qovularaq qaçqına çevrildi”.

Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb. Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən çoxdur davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.

Görüşdə qonaqlara bildirilib ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün təhlükədir. Çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 94 müasir qəsəbə salınıb, 243 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Eyni zamanda Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.

Görüşdə eyni zamanda, nümayəndə heyətini maraqlandıran müxtəlif suallar da cavablandırılıb.

Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi