Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun birgə təşkilatçılığı ilə COP29-la bağlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Xorvatiya Xarici və Avropa İşləri Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi və Yaşıl Keçid Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, beyin mərkəzlərinin təmsilçiləri, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, Xorvatiyada iqlim dəyişikliyi üzrə fəaliyyət göstərən ekspertlər, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov, Azərbaycanın Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini Şahin Şahyarov, Xorvatiyanın İqlim dəyişikliyi məsələləri üzrə baş danışıqçısı xanım Vişnja Qrqasoviç, İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun rəhbəri Marija Pujo Tadic çıxış edərək iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyinə toxunub, COP29 zamanı müzakirə olunacaq məsələlər, Azərbaycan sədrliyinin prioritetləri və irəli sürdüyü təşəbbüslər, beynəlxalq iqlim dəyişikliyinin yaratdığı fəsadlar və onların aradan qaldırılması səyləri, habelə Azərbaycanla Xorvatiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq perspektivləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir zamanı edilən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbir geniş müzakirələr ilə davam etdirilib.
Həmçinin tədbir zamanı COP29 və Azərbaycan haqqında videoçarxlar nümayiş olunub.