Təmiz enerjiyə keçid zamanı bərpa olunan enerjini inteqrasiya etmək üçün 2030-cu ilə qədər qlobal miqyasda 25 milyon kilometrlik şəbəkəyə ehtiyac var.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində təşkil olunmuş "Mərkəzi Asiya üçün Enerjiyə Keçid İnvestisiya Forumu"nda bildirib.
Onun sözlərinə görə, "yaşıl enerji" ilə bağlı ikinci təşəbbüslə enerji saxlama sistemlərinin quraşdırılmış gücünün 6 dəfə artırılaraq 2030-cu ilə qədər 1 500 qiqavata çatdırılması hədəflənir: "Bu kollektiv hədəf həmçinin saxlama sistemlərinə investisiyaların təşviqi və yeni texnologiyaların tətbiqi kimi elementləri əhatə edir".
Nazir deyib ki, təşəbbüsün digər komponenti enerji şəbəkəsi və ötürmə sistemlərinə investisiyaların artırılmasına, mövcud infrastrukturun modernləşdirilməsinə və genişləndirilməsinə yönəlib: "Bu çərçivədə ölkələr 2030-cu ilə qədər qlobal miqyasda yaşıl infrastrukturla bağlı 25 milyon kilometrlik şəbəkə əlavə etməlidirlər. 2040-cı ilə qədər əlavə 65 milyon kilometrlik şəbəkənin yaradılması öhdəliyi götürülüb. Bu təşəbbüs bərpa olunan enerjini dəstəkləmək üçün mövcud yaşıl infrastrukturun məhdudiyyətlərinin aradan qaldırılması, şəbəkəyə daha böyük həcmdə "yaşıl enerji"nin inteqrasiyasının asanlaşdırılması və enerji təchizatı ilə tələbat arasında sabit tarazlığın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır".