Bütün COP tədbirləri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası da (COP29) yerli əhalinin bəşəriyyətin gələcəyi ilə bağlı məlumatlandırılması məqsədi daşıyır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, iqlim dəyişiklikləri ilə mübarizə qlobal əhəmiyyət daşımaqla yanaşı, regionların və fərqli dövlətlərin bu məsələdə aktiv mövqeyini ortaya qoyur:
“Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə aktiv fəaliyyət həyata keçirən ölkələrdən biri olaraq bu prosesə töhfə verir. COP29-dakı müzakirələr həm onlayn, həm də ənənəvi yerli mediada ciddi şəkildə izlənildi. Bu da vətəndaşlarımızın məlumatlandırılması baxımından vacibdir. Bundan başqa, iqlim dəyişiklikləri ilə mübarizədə yerli məlumatlandırılma səviyyəsi və proseslərə daha məsuliyyətli, çevik yanaşma çox vacibdir”.
Deputat dövlət və özəl sektorların tərəfdaşlığı və sosial sahibkarlığın inkişafı məsələlərinin önəmini də vurğulayıb:
“COP29-da fərqli panellərdə özəl sektorun rolunun artırılması və sosial korporativ məsuliyyətinin gücləndirilməsi öz əksini tapmışdı. Bu da dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi baxımından vacibdir. Nəticədə dövlət və özəl qurumlar həm yeni hədəflərə nail olur, həm də əməkdaşlıqlar qurur. Eləcə də iqlim dəyişikliyinə qarşı mübarizədə birgə fəaliyyət aspektindən yeni imkanlar yaradır”.
İqtisadçı Azərbaycanın COP29-dan sonrakı ekoloji durumun dövlət və özəl sektorun bu məsələyə yanaşmasından asılı olduğunu söyləyib:
“Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetdən yola çıxaraq deyə bilərəm ki, Azərbaycan regional "yaşıl enerji"nin güclənməsinə töhfə verən ölkədir. Eyni zamanda, Azərbaycanda və regionda ekoloji durumun daha da yaxşılaşması baxımından yeni fəaliyyətlər nəzərdə tutulub. Bu il ilk dəfə olaraq dövlət büdcəsində “yaşıl büdcə” yanaşması tətbiq olunub. “Yaşıl büdcə”yə əsasən 1.3 milyard manat ətraf mühitin qorunması üçün istifadə olunacaq. Eyni zamanda, büdcə xərcləmələrində “yaşıl iqtisadiyyat” prinsipləri müəyyən dərəcədə qorunmağa başlanılıb”.
V.Bayramov “yaşıl enerji”nin genişlənməsi baxımından həm özəl sektor, həm də ev təsərrüfatlarının (vətəndaşların) cəlb edilməsinin önəmini vurğulayıb:
“İnkişaf etmiş ölkələrin təcrübələri göstərir ki, nəinki özəl sektor, ailələr də "yaşıl enerji" istehsal edərək onu öz istehlakı üçün istifadə edirlər. Onun bir qismini isə ümumi şəbəkəyə satmaqla gəlir əldə edirlər. "Yaşıl enerji"də ailələrin və ev təsərrüfatının aktiv olması enerji təsərrüfatının alternativ mənbələr hesabına ödənilməsi, eləcə də onların gəlir əldə etməsinə səbəb olur. Bu istiqamətdə işlər gedir, qanunvericilik bazası formalaşır. Ümumi şəbəkə inteqrasiya imkanları artıq yaradılıb”.