Orxan Məmmədov: "2018-ci ildən KOB subyektlərinin sayı təxminən 74 % artıb"
- 18 dekabr, 2025
- 11:27
2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74 % artaraq 424 minə çatıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim olunması mərasimində bildirib.
Onun sözlərinə görə, bu dövrdə KOB-ların yaratdığı illik əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib: "Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft-qaz dövriyyəsinin 37%-ni təşkil edib.
Əldə olunan bu nailiyyətlərin təməlində Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar fonunda uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü, ardıcıl iqtisadi siyasəti dayanır. Prezidentin rəhbərliyi ilə sahibkarlığın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib, geniş vergi stimulları, investisiya təşviqləri və müasir dəstək mexanizmləri tətbiq olunub".
Sədr qeyd edib ki, həyata keçirilən islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir: "Bu ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan "Sahibkarlıq siyasəti və mədəniyyəti" göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib.
KOBİA olaraq biz daxili idarəetmənin keyfiyyətinə də xüsusi önəm veririk və bu istiqamətdə həyata keçirdiyimiz ardıcıl tədbirlər sahibkar məmnuniyyətinin artırılmasına xidmət edir. Rəqəmsallaşma sahəsində də ardıcıl addımlar atılır. e-KOB evi platforması artıq beta versiyada istifadəyə verilib, sahibkarlara biznesin planlaşdırılmasından inkişaf mərhələsinədək geniş çeşidli elektron xidmətlər təqdim edir. Eyni zamanda, daha çox dövlət xidmətinin bu platformaya inteqrasiyası istiqamətində işlər davam etdirilir".
"Azərbaycan dövləti sahibkarın yanındadır. Bu dəstək ardıcıl, sistemli və geri dönməzdir. Bu yolun arxasında Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən iqtisadi siyasəti dayanır. KOBİA olaraq bizim mövqeyimiz dəqiqdir. Biz sahibkarın tərəfdaşıyıq, onun yol yoldaşıyıq, inkişaf yolunda etibarlı dayağıyıq. "Dayaq" mükafatı isə bu mövqeyin rəmzidir. Əminəm ki, bu gün burada təltif olunan sahibkarların uğuru sabah daha güclü iqtisadiyyatın, daha dayanıqlı bizneslərin və daha güclü Azərbaycanın əsasına çevriləcək".