Azərbaycan yanvarda Gürcüstandan avtomobil idxalını 54 % azaldıb
- 19 fevral, 2026
- 16:34
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 10,2 milyon ABŞ dolları dəyərində 268 ədəd avtomobil ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 54 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Yanvarda Gürcüstan xarici ölkələrə 100,7 milyon ABŞ dolları dəyərində 3 min 730 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 23 % və 33 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 48 milyon ABŞ dolları dəyərində 1 min 119 ədəd, Qazaxıstana 23,5 milyon ABŞ dolları dəyərində 1 min 409 ədəd, Tacikistana 5 milyon ABŞ dolları dəyərində 338 ədəd, Birləşmiş Ərəb Əmirliklərinə 4,2 milyon ABŞ dolları dəyərində 12 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,81 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.