Azərbaycan Özbəkistandan mineral su tədarük etməyə başlayıb
- 23 avqust, 2024
- 09:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana xaricdən 3,4 milyon ABŞ dolları dəyərində 508 min dekalitr mineral su gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 214,1 min dekalitr (+93 %), Türkiyədən 988 min ABŞ dolları dəyərində (+65 %) 101 min dekalitr (+60 %), Gürcüstandan 804 min ABŞ dolları dəyərində (-7 %) 161,55 min dekalitr (-14 %), Fransadan 130,3 min ABŞ dolları dəyərində (+7,4 %) 11,5 min dekalitr (+1,9 %), İtaliyadan 98,8 min ABŞ dolları dəyərində (+21 %) 6,5 min dekalitr (+20 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan (44,3 min ABŞ dolları dəyərində 6,8 ton) tədarük həyata keçirilib.