Bakı. 6 yanvar. REPORT.AZ/ “Eurosport” televiziya kanalında Azərbaycan və Fransa güləşçiləri arasında dekabrın 4-də Parisdə keçirilmiş dostluq görüşü haqqında geniş reportaj yayımlanıb. "Report"un məlumatına görə, süjetdə güləş üzrə Azərbaycan yığma komandasının dünyada ən güclü millilərdən biri olduğu vurğulanıb.
Yoldaşlıq görüşünə Azərbaycanın birinci xanımı, “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Fransanın idman üzrə dövlət katibi Tyeri Brayarın, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin, Fransa hökuməti, parlament üzvlərinin, idman ictimaiyyətinin nümayəndələrinin də baxdıqları qeyd edilib.
Bildirilib ki, güləşin hər üç növü üzrə idmançıların mübarizə apardıqları görüş Parisin ən məşhur saraylarından olan Qış sirkində təşkil edilib. Reportajda Azərbaycanın idman həyatı və "Bakı-2015"lə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin müsahibəsinin təqdim edildiyi süjetdə güləşin ölkədə populyar olduğu bildirib. N.Əliyev apreldə Bakıda I Avropa Oyunlarına test xarakterli yarışların keçiriləcəyini diqqətə çatdırıb. Sonda Avropa Oyunlarından və Azərbaycanın idman həyatından bəhs edən görüntülər təqdim olunub.
Qeyd edək ki, yoldaşlıq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.