Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb - FOTO - YENİLƏNİB
- 17 iyun, 2015
- 17:49
Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Avropa Oyunlarında 11-ci qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə finala çıxıb.
Tağızadə, finalda Karol Robakla qarşılaşıb. Təmsilçimiz rəqibinə 10:9 hesabı ilə qalib gələrək qızıl medal əldə edib.
FOTO: Elşən Baba
****
17:30
Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, 19 yaşlı taekvondoçu yarımfinalda rusiyalı Aleksey Denisenkonu məğlub edib - 7:1.
Görüşü izləyənlər arasında Azərbaycan prezidenti İlham Əliyevlə xanımı Mehriban Əliyeva da olub.
A.Tağızadənin həllecici görüşdə rəqibi digər yarımfinaldakı Karol Robak (Polşa) - Vladislav Arventiy (Moldova) cütünün qalibi olacaq.
****
16:09
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə 1/4 final görüşünə çıxıb. "Report"un məlumatına görə, rəqib Olimpiya, 2 qat dünya və 2 qat Avropa çempionu olub.
Titullu rəqibi ilə qarşılaşmada 19 yaşlı A.Tağızadə 7:5 hesablı qələbəyə nail olub. Gənc taekvondoçu yarımfinalda rusiyalı Aleksey Denisenko ilə qarşılaşacaq.
57 kq çəki dərəcəsindəki Günay Ağakişiyeva isə uduzduğu rəqibinin finaladək irəliləyə bilməməsi səbəbindən mübarizəni dayandırıb.
***
11:24
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən taekvondoçu Günay Ağakişiyeva və Ayxan Tağızadə ilk görüşlərini keçirib. "Report"un məlumatına görə, 57 kq çəki dərəcəsindəki Ağakişiyeva ilkin mərhələdə serbiyalı Draqana Qladoviçlə üz-üzə gəlib.
Görüş Ağakişiyevanın məğlubiyyəti ilə yekunlaşıb - 8:4. 68 kq çəkidə yer alan Ayxan Tağızadə isə sloveniyalı Yure Pantarla üz-üzə gəlib. Görüş Tağızadənin qələbəsi ilə tamamlanıb - 11:3. O, 1/4 finalda ispaniyalı Joel Qonsales Bonilla ilə üz-üzə gələcək.