Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında güləş növündə ilk qızıl medala sahib olub. "Report"un məlumatına görə, həmin medalı yunan-Roma güləşçisi Rəsul Çunayev qazanıb. Çunayev finalda macarıstanlı Balint Korpasiyə qalib gəlib - 4:2.
Qeyd edək ki, bundan öncə Azərbaycanın daha bir güləşçisi Elman Muxtarov bürünc medala layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da güləşçimizin uğurlu çıxışını izləyib. Məhz mükafatlandırma mərasimində də medalları və xatirə hədiyyələrini Prezident İlham Əliyev və Dünya Güləş Birliyinin prezidenti Nenad Lalovic təqdim edib.