Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları Goranboy, Tovuz və Şəmkir rayonlarında vətəndaşlara səyyar xidmət göstərib.
"Report" xəbər verir ki, nazirlik məlumat yayıb.
Bildirilir ki, fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər. Bu rayonlarda səyyar qruplar tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş 10 000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib.
Növbəti aqrar səyyar xidməti Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.
Qeyd edək ki, indiyə qədər Şəki, Sabirabad, İmişli və Füzuli rayonlarının kəndlərində səyyar aqrar xidmət təşkil olunub. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının EKTİS-ə daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.