Azərbaycan və İndoneziya aqrar sahədə texnologiya transferini müzakirə edib

ASK
  • 11 mart, 2026
  • 17:06
Azərbaycan və İndoneziya aqrar sahədə texnologiya transferini müzakirə edib

Azərbaycan və İndoneziya arasında müasir texnologiyaların transferi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, müzakirələr nazir Məcnun Məmmədovun İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə görüşündə aparılıb.

Görüşdə nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib, bildirib ki, ölkəmizdə reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

Səfir ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi və hüquq-müqavilə bazasının yaradılması, aqrar sahədə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması üçün ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, indoneziyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.