Gələn ilin yanvar-fevral aylarında Somalinin Neft və Mineral Ehtiyatları, Enerji və Su Ehtiyatları nazirləri ilə yanaşı, təhsil nazirini də Azərbaycana səfərləri planlaşdırılır.
Bunu “Report”un Ankara bürosuna müsahibəsində Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed deyib.
O qeyd edib ki, bu səfərlərdən pozitiv gözləntilər var:
“Azərbaycanla Somali arasında neft, enerji və təhsil sahələrində əməkdaşlığın daha da güclənəcəyini düşünürəm. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, hər kəs bizim bu təşəbbüslərimizi çox gözəl qarşıladı”.
Səfir bildirib ki, Bakıya sonuncu səfəri çərçivəsində, dekabrın 4-də Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev ilə görüşüb. O bildirib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib:
“Azərbaycan-Somali təhsil əməkdaşlığı, təhsil sahəsində mübadilənin müzakirəsi nəzərdə tutulub. Sovet dövründə Somalidən olan və hərbi ofislərdə çalışan çox sayda gənc Azərbaycanda təhsil alıb. Biz bu məsələləri də müzakirə etdik”.
Diplomat qeyd edib ki, energetika naziri Pərviz Şahbazovu, nazir müavini Samir Vəliyevlə də görüşüb.
“Neft və enerji sahəsində məhsuldar müzakirələrimiz oldu. Azərbaycana yüksək səviyyəli səfərlər barədə anlaşdıq. Yəni, demək olar ki, bütün görüşlərimiz faydalı oldu”, - səfir deyib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.