Səfir: Azərbaycanla Somali arasında neft, enerji və təhsil sahələrində əməkdaşlıq daha da güclənəcək - MÜSAHİBƏ

Səfir: Azərbaycanla Somali arasında neft, enerji və təhsil sahələrində əməkdaşlıq daha da güclənəcək - MÜSAHİBƏ Somalinın Ankaradakı Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed bu yaxınlarda ölkəmizə işgüzar səfər etmişdi. Səfir “Report”un Ankara bürosuna müsahibəsində həm səfərinin məqsədi, həm də Azərbaycanla Somali arasında əməkdaşlığın inkişafın
Xarici siyasət
19 Dekabr , 2024 12:17
Səfir: Azərbaycanla Somali arasında neft, enerji və təhsil sahələrində əməkdaşlıq daha da güclənəcək - MÜSAHİBƏ

Somalinin Ankaradakı Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed bu yaxınlarda Bakıya işgüzar səfər edib.

Səfir “Report”un Ankara bürosuna müsahibəsində həm səfərinin məqsədi, həm də Azərbaycanla Somali arasında əməkdaşlığın inkişafından bəhs edib:

- Cənab səfir, siz etimadnamənizi Azərbaycan Prezidentinə təqdim etdiniz və bu yaxınlarda Azərbaycandan səfərdən qayıtdınız. Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri nələr olacaq?

- İlk növbədə, icazə verin, COP29 konfransının uğurla təşkil edilməsinə və yekunlaşmasına görə Azərbaycan rəhbərliyinə, xalqına ürəkdən təbriklərimi çatdırım. Konfransın uğurla keçirilməsini təmin etməsində və qlobal iqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar obyektiv müzakirələrin aparılmasında oynadığı mühüm rola görə də Azərbaycanın mövqeyini yüksək qiymətləndirirəm.

Səfir kimi mənim əsas vəzifəm iki ölkə arasında diplomatik əlaqələr qurmaq, ticarəti asanlaşdırmaq və xüsusilə gənclərimiz üçün mədəniyyət və təhsil sahəsində əməkdaşlığı təşviq etməkdir.

Yuxarıda da qeyd olunduğu kimi, mən noyabrın 1-də diplomatik etimadnaməmi cənab İlham Əliyevə təqdim etmək şərəfinə nail oldum. Prezidentlə qısa görüşümdə xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev də iştirak edirdilər. Söhbətimiz zamanı Somalinin ilk dəfə Azərbaycana təyin edilən səfiri Jama Mohameddən başlayaraq əlaqələrimizin daha da möhkəmləndrilməsi daxil, ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərə toxunduq.

- Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə iki ölkə arasında ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edib. Hazırda bu sahələrdə əməkdaşlıq hansı səviyyədədir?

- Aydındır ki, çoxlu sayda Somalidən olan tələbə və ordu zabitlərinin Bakıda təhsil aldığı sovet dövründə Somalinin Azərbaycanla güclü əlaqələri var idi. Amma biz müstəqil, suveren Azərbaycanla Somali arasında diplomatik əlaqələrimizi 2019-cu ildə qurduq. Qarşılıqlı fayda və davamlı əməkdaşlıq üçün Somali böyük potensiala malikdir.

Müzakirə olunan əsas məqamlardan biri də bu yaxınlarda başlayan müdafiə əlaqələrimizin gücləndirilməsidir. Hazırda müdafiə nazirimiz azərbaycanlı həmkarı ilə müdafiə sahəsində möhkəm əməkdaşlıq çərçivəsinin yaradılmasına dair sazişi müzakirə edir.

Yeri gəlmişkən, Bakıya sonuncu səfərim çərçivəsində, dekabrın 4-də Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev ilə də görüşdüm. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdik. Azərbaycan-Somali təhsil əməkdaşlığı, təhsil sahəsində mübadilənin müzakirəsi nəzərdə tutulub. Sovet dövründə Somalidən olan və hərbi ofislərdə çalışan çox sayda gənc Azərbaycanda təhsil alıb. Biz bu məsələləri də müzakirə etdik.

- Bakıya son səfəriniz çərçivəsində başqa hansı görüşləriniz oldu və bu görüşlərdən gözləntilər nədir?

- Energetika naziri Pərviz Şahbazovu, naziri müavini Samir Vəliyevi ziyarət etdik. Neft və enerji sahəsində məhsuldar müzakirələrimiz oldu. Azərbaycana yüksək səviyyəli səfərlər barədə anlaşdıq. Yəni, demək olar ki, bütün görüşlərimiz faydalı oldu.

Fathudin Ali Mohamed
Fathudin Ali Mohamed

- İki ölkə arasında hansı yüksək səviyyəli səfərlər gözlənilir?

- Gələn ilin yanvar-fevral aylarında Somalinin Neft və Mineral Ehtiyatları, Enerji və Su Ehtiyatları nazirləri ilə yanaşı, təhsil nazirimizi də Azərbaycana dəvət etməyi planlaşdırdıq. Bu səfərlərdən pozitiv gözləntilərim var. Azərbaycanla Somali arasında neft, enerji və təhsil sahələrində əməkdaşlığın daha da güclənəcəyini düşünürəm. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, hər kəs bizim bu təşəbbüslərimizi çox gözəl qarşıladı.

- Azərbaycan neokolonializm mövzusunda beynəlxalq konfranslar təşkil edir. Bu mövzuda Somalinin mövqeyi necədir?

- Neokolonializm məsələsi ilə bağlı onu deyə bilərəm ki, biz Somalinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən istənilən ideologiyaya qəti şəkildə qarşı çıxırıq. Çünki iqtisadi istismara, siyasi manipulyasiyaya və xarici müdaxiləyə qarşıyıq. Bunun həqiqi tərəqqiyə mane olacağına və qeyri-bərabərliyi davam etdirəcəyinə inanırıq.

Somali BMT nizamnaməsində nəzərdə tutulduğu kimi, bütün xalqların xarici müdaxilə və nəzarətdən azad olaraq öz müqəddəratını təyinetmə hüququna inanır. Bizim mövqeyimiz ədalətli ticarəti, beynəlxalq münasibətlərdə qarşılıqlı hörməti və davamlı tərəfdaşlığı müdafiə etməkdən ibarətdir. Somali asılılıq və bərabərsizliyi yaradan sistemləri rədd edir. Biz dünyanı həqiqi müstəqilliyi, ədalətli iqtisadi imkanları və insan hüquqlarına hörməti təşviq edən səyləri dəstəkləməyə çağırırıq.

- Sizcə, iki ölkə arasında mədəni əlaqələrin prioriteti nə ola bilər?

- Əlbəttə, mədəniyyət insanları bir-birinə yaxınlaşdıran ən yaxşı amildir. Somalinin Avropa və Şimali Amerikada böyük diaspor icması var. Onların bir çoxu mədəni, dini dəyərlərinə uyğun gələn İslam ölkəsi statusunda olan Azərbaycana səfər etməkdə, hətta potensial olaraq yaşamaqda maraqlıdırlar. Bu baxımdan da ölkələrimiz arasında xalqlarımızın qarşılıqlı mədəni əlaqələrinin gücləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır.

- Cənab səfir, bu günlərdə tarixi bir hadisəyə də şahidlik etdik. Türkiyənin vasitəçiliyi ilə Somali və Efiopiya prezidentləri arasında tarixi barışa imza atıldı. Təbrik edirik. Siz bu haqda nə deyə bilərsiniz?

- Bəli, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədi Ankaraya dəvət etdi və müdrik bir addım atdı. Çox faydalı bir görüş keçdi. Cənab Ərdoğana barışdırıcı missiyasına görə minnətdarıq. Mühüm razılaşma əldə etdik.

Biz qonşu dövlətlə bəzi narazılıqları və anlaşılmazlıqları birlikdə aradan qaldıracağıq. Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni mərhələ başladı. Düşünürəm ki, bu, həm də Somalinin ərazi bütövlüyünə hörmətdir. Efiopiya bizim qonşumuzdur. Bütün konfliktlərdən uzaq sülh və barış içərisində olan münasibətlərin davam etməsini arzulayırıq.

Eləcə də bütün münaqişəli dövlətlərin, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını arzu edirik.

Son xəbərlər

Orphus sistemi