Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb

Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub.
Xarici siyasət
29 Avqust , 2024 19:05
Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da Özbəkistanın Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Ş.Mustafayev tədbir çərçivəsində Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq, onları ən yüksək səviyyəyə qaldırıb.

Eyni zamanda səfər əsnasında keçirilmiş Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında qəbul edilən qərarların əhəmiyyəti vurğulanıb, dövlət başçıları tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün iki ölkənin hökumətlərinin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair yeni beş illik "Yol Xəritəsi"nin tərtib edilməsi və imzalanması dövlət başçıları tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi dəyərləndirilib.

Azərbaycan və Özbəkistan tərəfindən müxtəlif sahələrdə, xüsusilə investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin uğurlu nəticələri təqdir edilib.

Azərbaycan Prezidentinin dövlət səfəri zamanı bir çox yeni istiqamətlər üzrə birgə layihələrə başlanılmasının əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf dinamikasından məmnunluq ifadə olundu, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 28% artdığı bildirilib.

Eyni zamanda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək 2024-cü ilin ilk yarısında iki ölkə arasında tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 37% artdığı məmnunluqla qeyd olunub.

Yeni açılan “Termez” Beynəlxalq Ticarət Mərkəzinin ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Səfər zamanı Şahin Mustafayev həmçinin Əfqanıstanın Baş naziri vəzifəsini icra edən Əbdül Qani Baradarla görüşüb. Görüşdə Azərbaycan ilə Əfqanıstanı tarixi və mədəni bağların birləşdirdiyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan hər zaman həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Əfqanıstanda sabitliyin və inkişafın təşviqinə, humanitar məsələlərin həllinə töhfə verib.

İki ölkə arasında ticarət-iqtisadi və sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, müvafiq əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Tərəflər həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirərək “Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin önəmini qeyd ediblər.

“Termez” Beynəlxalq Ticarət Mərkəzinin açılmasının Əfqanıstanla da ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

Son xəbərlər

Orphus sistemi