Sabah Ankarada Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.
Bildirilib ki, “Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən qurulmasının 30-cu ildönümü” adlı konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyev iştirak edəcəklər.
Konfransın açılışında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, SETA-nın baş koordinatoru Burhanettin Duran və SAM-ın sədri Ufuk Ulutaş çıxış edəcəklər.
Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi səviyyəsi” və “Enerji. Nəqliyyat və iqtisadi əlaqələr” adlı panel müzakirələri baş tutacaq.