"Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin İşçi Qrupu yaradıla bilər".
“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın mina terroru beynəlxalq hüquq normalarına ziddir: "Rəsmi İrəvan buna görə cavab verməli, müvafiq beynəlxalq təşkilat və qurumlar da Bakını dəstəkləməlidirlər. Çünki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük problemi mina təhlükəsidir. Prezident İlham Əliyev də BMT-nin dayanıqlı inkişaf məqsədlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin də əlavə olunmasını təklif edib".
Komitə sədri hazırda Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin İşçi Qrupunun yaradılması istiqamətində intensiv iş aparıldığını bildirib: “Ermənistan işğal dövründə Azərbaycan ərazilərinə bir milyondan artıq mina basdırıb. Mülki insanlarımız bu təhlükədən həyatlarını itiriblər. Onların arasında uşaqlar da var”.
S.Qurbanov vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. “Təəssüf ki, Ermənistan hələ də Azərbaycanın sülh çağırışlarına cavab vermir".