Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 08:56
Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir

Yaponiya hökuməti silah istehsalını ölkə iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın NHK ictimai televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, bu vəzifə Tokio hökumətinin ilin sonunadək qəbul etməyi planlaşdırdığı təhlükəsizlik məsələlərinə dair əsas sənədlərdə öz əksini tapacaq.

Xüsusilə, yeni "Müdafiə sənayesinin inkişafı üzrə əsas strategiya"nın hazırlanması nəzərdə tutulur. Strategiyanın həyata keçirilməsi üçün silahların hazırlanması və istehsalı sahəsində səyləri əlaqələndirəcək vahid struktur yaradılması planlaşdırılır. Bu məqsədlə büdcə vəsaitlərinin və özəl investisiyaların bir araya gətirilməsi nəzərdə tutulur.

Yeni strukturun fəaliyyətinə təkcə hərbi-sənaye kompleksində çalışan iri korporasiyaların deyil, həm də vençur şirkətlərinin, kiçik və orta sahibkarlıq subyektlərinin, startapların və universitet tədqiqatçılarının cəlb edilməsi planlaşdırılır.

"Kyodo" agentliyinin məlumatına görə, struktur Müdafiə Nazirliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin birgə səyləri əsasında yaradılacaq və 2027-ci il oktyabrın 1-dən fəaliyyətə başlamalıdır.

Tokio bu qərarı ABŞ və Avropa İttifaqı ölkələrinin təcrübəsini nəzərə alaraq vermək niyyətindədir. Belə ki, həmin ölkələr əvvəlki dövrlərdə hərbi sənayeyə kifayət qədər investisiya yatırılmaması səbəbindən hazırda hərbi-sənaye kompleksində istehsal güclərinin çatışmazlığı ilə üzləşirlər.

Yaponiya hökuməti isə bu təcrübədən nəticə çıxararaq yeni hərbi texnologiyalar, xüsusilə pilotsuz sistemlər əsasında uzunmüddətli hərbi əməliyyatlar aparmaq üçün istehsal potensialını əvvəlcədən formalaşdırmağı hədəfləyir.

44 filmi