COP29 Azərbaycanın bərpa olunan enerji sahəsində uzunmüddətli strategiyası üçün əhəmiyyətli stimul olub
- 20 yanvar, 2026
- 12:19
Azərbaycanda keçirilən COP29 iqlim konfransı sadəcə uğurlu beynəlxalq tədbir deyil, həm də ölkənin bərpa olunan enerji sahəsində uzunmüddətli strategiyası üçün əhəmiyyətli stimul olub.
"Report" xəbər verir ki, bu barədə Davosda "H/Advisors" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin sədri Demion Potter azərbaycanlı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, COP29 iştirakçılarının Bakıda olduqları müddətdən sonra o, Azərbaycanın bərpa olunan enerji istehsal etmək və onu qonşu ölkələrə, eləcə də Avropaya ixrac etmək öhdəliyindən təsirlənib.
D.Potter vurğulayıb ki, COP29-un əsas nəticəsi Azərbaycan xalqının mənafeyi naminə neft asılılığından bərpa olunan enerji mənbələrinə keçidin uzunmüddətli strategiyasının formalaşdırılmasıdır: "Bu keçid iqtisadi artımı stimullaşdırır, həyat keyfiyyətini yüksəldir və havanın təmizliyinə töhfə verir. Bundan əlavə, onun müsbət təsiri təkcə Cənubi Qafqaz ölkələri tərəfindən deyil, dünyanın digər regionları tərəfindən də hiss edilir".
O, həmçinin vurğulayıb ki, Bakı dəfələrlə böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkan olub: "Mən "Eurovision"un böyük pərəstişkarıyam və sizin bu tədbirə ev sahibliyi etməyinizdən məmnun oldum. Bundan əlavə, ölkənizdə hər il "Formula-1" yarışı keçirilir, UFC turnirləri təşkil olunur, həmçinin dağ-xizək turizmi fəal şəkildə inkişaf edir. Bütün bunlar, şübhəsiz ki, Azərbaycanın gözəlliyini dünyaya nümayiş etdirir və onu ziyarət etməyin nə qədər asan olduğunu göstərir. Ümid edirəm ki, bu, ölkədəki ənənəvi hasilat sahələrinə deyil, həm də bərpa olunan enerji, dizayn, idman və digər perspektivli sahələrə investisiya qoymaq istəyən şirkətlər üçün bir siqnal olacaq".