Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”, - spikerin bəyanatında vurğulanıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.