Britaniya miqrantlar üçün daimi yaşayış icazəsi almaq müddətini artıracaq
- 02 noyabr, 2026
- 22:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya əksər qanuni miqrantların daimi yaşayış icazəsi almaq üçün ölkədə yaşamalı olduğu minimum müddəti iki dəfə artıraraq 5 ildən 10 ilə çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.
"Daimi yaşayış statusu bu ölkənin verə biləcəyi ən qiymətli hüquqlardan biridir. İndiyə qədər o, demək olar ki, avtomatik olaraq verilirdi. Bundan sonra onu qazanmaq lazım gələcək. Ölkə həyatına töhfə verənlər daimi statusu daha tez ala biləcəklər. Müəyyən edilmiş qaydalara əməl etməyənlərə isə bu statusun verilməsindən imtina ediləcək və ya onlar xeyli daha çox gözləməli olacaqlar", - nazir deyib.
Təklif olunan dəyişikliklərə əsasən, illik gəliri 50 min funt sterlinqdən (67 min dollar) çox olan miqrantlar üçün qüvvədə olan beş illik müddət qorunacaq. Analoji şərtlər səhiyyə və təhsil işçilərinə, o cümlədən ildə ən azı 25 min funt (33,5 min dollar) qazanan həkimlərə, tibb bacılarına və müəllimlərə də aid ediləcək.
Bununla yanaşı, illik gəliri 125 min funtdan (168 min dollar) çox olan miqrantlar daimi yaşayış icazəsi üçün cəmi üç ildən sonra müraciət edə biləcəklər.
Qanuni miqrantların digər kateqoriyaları üçün gözləmə müddəti 10 ilə qədər artacaq. Qeyri-qanuni miqrantlar, viza rejimini pozanlar, Böyük Britaniyada işləməyə və ya oxumağa başlayacaqları təqdirdə, 20 ildən sonra daimi yaşayış üçün müraciət edə biləcəklər. Əks halda gözləmə müddəti 30 il təşkil edəcək.
Dəyişikliklər sosial müavinət alanlara da təsir edəcək. Daimi yaşayış icazəsi almaq üçün onlardan dövlətin maliyyə yardımı olmadan beş il yaşamaq tələb olunacaq.
BBC-nin məlumatına görə, Britaniya DİN hesab edir ki, yeni qaydaların tətbiqi üçün ayrı bir qanunun qəbul edilməsinə ehtiyac olmayacaq. Dəyişikliklər qüvvədə olan miqrasiya normalarına düzəlişlər edilməsi yolu ilə həyata keçirilə bilər və bu, tələbləri qısa müddətdə sərtləşdirməyə imkan verəcək.