Viktor Kipiani: Azərbaycan və Gürcüstanın ortaq maraqları regional əməkdaşlıq üçün nümunədir

Xarici siyasət
  • 23 noyabr, 2026
  • 08:49
Viktor Kipiani: Azərbaycan və Gürcüstanın ortaq maraqları regional əməkdaşlıq üçün nümunədir

Azərbaycan və Gürcüstanın iqtisadi və strateji maraqlarının uzlaşması, qarşılıqlı etimad və bərabərhüquqlu dialoq regional əməkdaşlığın inkişafına mühüm töhfə verir. Bu tərəfdaşlıq Orta Dəhliz kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün də əlverişli zəmin yaradır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu "Əvvəlcə Gürcüstan" siyasi partiyasının sədri, "Geocase" analitik təşkilatının rəhbəri Viktor Kipiani Azərbaycan-Gürcüstan münasibətlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hökumətlərarası komissiyanın iclasları iqtisadi əlaqələrin inkişafını nümayiş etdirir. Bununla belə, mövcud potensialdan daha geniş istifadə etmək üçün əlavə imkanlar mövcuddur:

"Gürcüstanın maraqları Azərbaycanın maraqları ilə, Azərbaycanın maraqları isə Gürcüstanın maraqları ilə demək olar ki, tam şəkildə üst-üstə düşür. Bu qarşılıqlı maraqlar xüsusilə iqtisadi və ticarət əlaqələrində özünü göstərir".

V.Kipiani Orta Dəhlizin inkişafında hər iki ölkənin coğrafi mövqeyinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, Azərbaycanın Xəzər, Gürcüstanın isə Qara dəniz sahilində yerləşməsi bu marşrutda onlara mühüm rol qazandırır.

Analitikin sözlərinə görə, Bakı ilə Tbilisi arasında qarşılıqlı anlaşma, bərabərhüquqlu dialoq və formalaşmış tərəfdaşlıq təcrübəsi digər ölkələr üçün də nümunə ola bilər.

O, yaşıl enerji dəhlizinin də Azərbaycan və Gürcüstan üçün mühüm iqtisadi və strateji imkanlar yaratdığını qeyd edib. Bildirib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, eləcə də qaz nəqli layihələri Gürcüstanın regional enerji bağlantılarındakı rolunu gücləndirib. Yeni mərhələdə isə Orta Dəhlizlə yanaşı, təmiz enerji dəhlizinin inkişafı da xüsusi əhəmiyyət daşıyır.

V.Kipiani əlavə edib ki, bu cür irimiqyaslı layihələr ölkələrin dünya iqtisadiyyatına inteqrasiyasına, modernləşməsinə, rəqabət qabiliyyətinin artırılmasına və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir.