Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Baş Prokurluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, Azərbaycanın baş prokuroru Kamran Əliyev Oman Sultanlığının baş prokuroru Nasr Khamis Al Sawaiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan K.Əliyev bildirib ki, Azərbaycan və Oman Sultanlığı arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq davam edir, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələr daha da güclənməkdədir.
Azərbaycan və Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan K.Əliyev, Oman Sultanlığının Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
K.Əliyev Omanlı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.
Oman Sultanlığının Baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirdiyini və ölkəmizdə yaxın gələcəkdə keçiriləcək qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdə Oman tərəfinin də yüksək səviyyədə iştirak edəcəyinə əminliyini ifadə edib.
Görüşdə hüquqi sahədə, həmçinin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla hər iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun hazırlanması barədə razılıq əldə olunub.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.