“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən irimiqyaslı hərbi təxribatları və terror aktlarını pisləyir və Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılan minaların partlaması nəticəsində mülki şəxslərin ölümünə səbəb olan terror aktlarını şiddətlə qınayır”.
“Report” xəbər verir ki, bu, İƏT-in Baş Katibliyinin açıqlamasında yer alıb. Baş Katiblik həlak olanların ailələrinə, Azərbaycan hökuməti və xalqına dərin başsağlığı verir, yararlılara şəfa diləyir.
Baş Katiblik 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanan Üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Ermənistanı Qarabağdakı silahlı qüvvələrini oradan çıxarmağa və öhdəliklərini yerinə yetirməyə çağırır.
“İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 2023-cü il 16-17 mart tarixində Mavritaniyada keçirilən 49-cu sessiyası zamanı qəbul edilən qərarları xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin biri-birinin suverenliyinə, torpaq bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmət əsasında normallaşmasını tələb edirik”, - İƏT Baş Katibliyi bildirib.
Baş Katiblik hesab edir ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli danışıqlar prosesinin davam etdirilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur.