“Sülhün təmininə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
O, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlardan söz açıb. Bildirib ki, bu prosesə başlamaq üçün ən yaxşı yol Ermənistanın üzr istəməsi olardı.
Hikmət Hacıyev Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Ermənistanın Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiası ilə bağlı suala cavabında bu fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb.
“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə əlavə edib.
Hikmət Hacıyev hazırda Laçın-Xankəndi yolunun işlək vəziyyətdə olduğunu və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Qızıl Aypara Cəmiyyətinin bu yolla konvoylar apardığını vurğulayıb.
“Biz deyirik ki, Ağdam-Xankəndi yolunu açaq. Bu, inteqrasiyanı təmin edəcək, beləliklə, Azərbaycanın Xankəndiyə birbaşa çıxışı və Qarabağ erməniləri ilə birbaşa əlaqəsi olacaq, onlar da öz növbəsində Azərbaycanın digər bölgələrinə getmək üçün Azərbaycanın əsas yol sistemindən istifadə etmək şansı əldə edəcəklər.
Amma təəssüflər olsun ki, Azərbaycanın həmin ərazilərində mövcud olan erməni marionet rejiminin başında duranlar humanitar vəziyyətdən öz mənafeləri, Azərbaycanın suverenliyini qəbul etməyən separatçı qurum kimi varlıqlarını uzatmaq üçün istifadə edirlər. Beynəlxalq ictimaiyyətdən təbliğat, dezinformasiya vasitəsi kimi istifadə edirlər”, - deyə o qeyd edib.
Hikmət Hacıyev ermənilərin Azərbaycanın göndərdiyi hər şeyə "yox" deməsinin irqçilik olduğunu söyləyib: “Ermənilər Azərbaycanın göndərdiyi hər şeyə yox deyirlər. Qida məhsulunu mənşəyinə görə qəbul etməyəcəklərini bildirdilər. Bu isə irqçilikdir”.