"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına indiyədək zəlzələdən zərərçəkmiş 1000-ə yaxşın şəxs müraciət edib".
Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında nazirliyin Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov deyib.
O bildirib ki, müracət edənlər müayinə və müalicə olunublar, onlara ilkin yardım göstərilib və təyinatlar verilib:
"Fevralın 9-dan Türkiyənin Kahramanmaraş şəhərində FHN-in ilk mobil səhra hospitalı fəaliyyət göstərir. Biz daha çox ambulator xəsarətləri qəbul edirik. İndiyədək hospitallarımızda 1000-ə yaxın xəstə qəbul etmişik".
Tibb xidməti kapitanının sözlərinə görə, gün ərzində mobil səhra hospitallarına 74 xəstə qəbul olunub:
"Müraciət edən xəstələrin çoxu zəlzələ zamanı xəsarət alanlar və donvurmaya məruz qalanlardır. Eyni zamanda uzun müddət şəraitsiz şəkildə yaşadıqlarına görə infeksion xəstəliklərə tutulan insanlar müraciət edir. Burada mütəxəssislərimiz çalışır. Müraciət edən xəstələrə günün 24 saatı yardım göstəririk", - Q.Eyvazov vurğulayıb.