Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

Xarici siyasət
  • 19 yanvar, 2024
  • 13:32
Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkədə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, E.Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

L.Anfimov qarşıdakı prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilərlə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti