Əl-Ənuni: Brüssel İrandan avropalıların təxliyəsinə görə Bakıya minnətdardır

Xarici siyasət
  • 12 mart, 2026
  • 16:40
Əl-Ənuni: Brüssel İrandan avropalıların təxliyəsinə görə Bakıya minnətdardır

Avropa İttifaqı (Aİ) Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Azərbaycana Avropa vətəndaşlarının İrandan təhlükəsiz repatriasiyasında göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

"Report"un Avropa bürosunun məlumatına görə, əl-Ənuni bunu azərbaycanlı jurnalistlərin suallarına cavab verərkən bildirib.

O əlavə edib ki, İranla Azərbaycan arasındakı quru sərhəd hərbi zonadan çıxış üçün mümkün marşrutlardan biridir.

O qeyd edib ki, bu marşrutdan istifadə etmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinin vətəndaşları əvvəlcədən Bakıda yerləşən öz səfirliklərinə müraciət etməlidirlər: "Dövlət sərhədini keçmək üçün Azərbaycan hökumətindən xüsusi icazə almaq üçün tələb olunur. Aİ-nin Bakıdakı nümayəndəliyi, eləcə də iştirakçı ölkələrin səfirlikləri İrandan Azərbaycana gedən Aİ vətəndaşları üçün sərhəd keçidini sadələşdirmək məqsədilə milli hakimiyyət orqanları ilə daimi əlaqədədir".

Bundan əlavə, o, yaranmış konsulluq böhranının həllində göstərdiyi dəstəyə görə Kanada hökumətinə təşəkkürünü bildirib: "Onların bilavasitə sərhəddə çalışan konsulluq komandası təxliyəyə, o cümlədən Avropa İttifaqı vətəndaşlarının təxliyəsinə fəal şəkildə kömək edir".

Əl-Ənuni bir sıra Aİ ölkələrinin İrandakı diplomatik missiyalarının öz fəaliyyətlərini Bakıya köçürmək niyyətləri ilə bağlı suala dəqiq cavab verməyərək, bu qərarın onların hökumətlərindən asılı olacağını qeyd edib.

Öz növbəsində, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo əlavə edib ki, üzv dövlətlər bu işin nə qədər uzunmüddətli olacağını və Azərbaycan ərazisində hansı formatda təşkil olunacağını özləri müəyyənləşdirəcəklər.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlara görə bir çox xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilməyə başlayıb. Martın 12-si saat 10:00-dək Azərbaycana ümumilikdə 72 ölkənin 2 283 vətəndaşı təxliyə olunub.