“Avropa İttifaqı (Aİ) ilə enerji sektorunda Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanın iqtisadi və siyasi həyatında çox mühüm mərhələdir. Bu sənədin imzalanması Avropanın enerji bazarını gücləndirəcək”.
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel deyib.
“Bu sənəd çox vacibdir, o, Azərbaycana ölkə büdcəsinə əlavə gəlir mənbələri və sabit valyuta gəlirləri verəcək. Memorandum həm də Avropa enerji bazarının sabitliyini gücləndirəcək və Rusiya qazından asılılığı azaltmağa kömək edəcək, ancaq Aİ-nin Rusiyadan aldığı qaz tədarükünü tam həcmdə əvəz edə bilməyəcək. Bununla belə, tədarükün artması Azərbaycanla Aİ arasında etimad münasibətlərinin möhkəmləndirilməsində mühüm müsbət addımdır”, - o bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan müdrik, çoxprofilli siyasət yürüdür: “Ölkə bir tərəfdən Rusiya ilə yaxşı münasibətlərə malikdir, digər tərəfdən isə Ukraynaya humanitar yardım göstərir, eləcə də ABŞ, Aİ ölkələri və NATO ilə əməkdaşlığı inkişaf etdirir”.
Xatırladaq ki, iyulun 18-də Azərbaycan və Aİ arasında enerji sektorunda Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen imzalayıblar.