​Baş nazirin müavini: “Azərbaycan dövləti və ictimaiyyəti Türkiyədəki hadisələrdən böyük narahatlıq keçirib”

​Baş nazirin müavini: “Azərbaycan dövləti və ictimaiyyəti Türkiyədəki hadisələrdən böyük narahatlıq keçirib” “ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin rəhbərləri Qarabağ məsələsində fəallıq nümayiş etdirirlər”
Xarici siyasət
23 İyul , 2016 09:36
​Baş nazirin müavini: “Azərbaycan dövləti və ictimaiyyəti Türkiyədəki hadisələrdən böyük narahatlıq keçirib”

“ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri Qarabağ məsələsində fəallıq nümayiş etdirirlər”

Bakı. 23 iyul. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin birinci yarısının yekunlarına və kollektivin qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə “Report”a Komitənin mətbuat xidmətindən məlumat verilib.

İclasda Əli Həsənov çıxış edib və bildirib ki, son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir.

Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov deyib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir”.

Ə.Həsənov aprel hadisələrinə də toxunub: “Ermənistanın silahlı qüvvələri bizim ərazilərimizə silahlı hücum təşkil edib və mülki əhaliyə ciddi ziyan vurublar. Ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Hesab edirəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər”.

Baş nazirin müavini Əli Həsənov eyni zamanda qardaş Türkiyə Cumhuriyyətində baş vermiş son hadisələrə də toxunub və bildirib ki, Azərbaycan dövləti və ictimaiyyəti bu hadisələrdən böyük narahatlıq keçirib və ölkə Prezidenti İlham Əliyev bu dəfə də Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi.

Kollegiya iclasında həmçinin bildirilib ki, həmişə olduğu kimi, cari ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla cənab Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir: “Ümumilikdə götürdükdə Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olub”. Kollegiya iclasında əminliklə vurğulanıb ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.

Son xəbərlər

Orphus sistemi