Beynəlxalq Muğam Mərkəzində Meksikanın Azərbaycanda səfirliyinin açılmasının 10 illiyi qeyd edilib.
“Report” xəbər verir ki, tədbir çərçivəsində yubiley münasibətilə “Azərpoçt” MMC ilə birgə buraxılmış poçt markasının təqdimatı olub.
Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Meksika Prezidentinin göstərişlərinə uyğun olaraq, biz münasibətləri daha da dərinləşdirmək istəyimizi təsdiq edirik”, - o deyib və əlavə edib ki, Meksika 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Latın Amerikası dövləti olub.
O, həmçinin qeyd edib ki, mədəni qarşılıqlı əlaqə iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdıran mühüm elementdir.
“Azərpoçt”un sədri İsi Mustafayev markaların buraxılmasının məhz onun rəhbərlik etdiyi struktura həvalə edilməsinə görə səfirə təşəkkür edib.
Ardından səfirlə “Azərpoçt” rəhbəri yeni markanı təqdim ediblər. Onun üzərində Meksika və Azərbaycan mətbəxinin iki mühüm elementi – tako və qutab təsvir olunub, fonda isə iki ölkənin ənənəvi naxışları əksini tapıb.
Sonda konsert proqramı olub, rəqs nömrələri təqdim olunub.
Foto: Ehtiram Cəbiyev