Aİ-nin son addımları deməyə əsas verir ki, sülh prosesi onu maraqlandırmır - RƏY
- 11 dekabr, 2025
- 16:11
Avropa İttifaqının son addımları və Ermənistanla birgə qəbul etdiyi sənədlər bir daha göstərir ki, qurum regionda öz siyasi təsirini nümayiş etdirmək cəhdlərini davam etdirir və onu maraqlandıran sülh prosesi deyil məhz öz "gücünü" və maraqlarını göstərmək niyyətləridir.
Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, Aİ-nin münaqişə dövründəki fəaliyyəti, ikili standartlara əsaslanan mövqeyi, işğal faktını adlandırmaqdan yayınması və xüsusilə də məşhur "binokl diplomatiyası" ciddi narazılıq yaratmışdı. Bu gün yeni geosiyasi reallıq yaranmışkən, Avropa İttifaqının eyni xətti davam etdirməsi artıq əcaib görünür:
"Hazırda Avropa İttifaqı missiyasının hələ də Ermənistan ərazisini tərk etməməsi və əksinə, fəaliyyət müddətinin uzadılması istiqamətində danışıqlar aparması beynəlxalq hüquq baxımından da suallar doğurur və Azərbaycanın haqlı etirazı ilə qarşılanır. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, regionda sülhün və təhlükəsizliyin təmin edilməsində buna bənzər birtərəfli təşəbbüslərin yeri yoxdur".
Ü.Zülfiqar vurğulayıb ki, Aİ-nin son günlər Ermənistanla birlikdə qəbul etdiyi sənədlərdə əksini tapan bəzi radikal və müzakirə predmeti olmayan mövzular sülh prosesinə real töhfə vermir.
"Əksinə, tərəflər arasında yaranmış birbaşa dialoq mühitinə kənardan qıcıqlandırıcı ton vermək cəhdidir və bu, Avropa İttifaqının öz nüfuzuna da mənfi təsir göstərir. Regionda formalaşan yeni reallıq ondan tələb edir ki, Aİ situasiyanı qıcıqlandıran bəyanatlar deyil, konstruktiv və balanslı addımlarla dəstəkləsin. Bu gün tərəflər arasında birbaşa danışıqlar var və sülh gündəliyinin əsas konturları məhz Azərbaycanla Ermənistan arasında müzakirə olunur".
Onun fikrincə, belə olan halda Aİ-nin prosesə əlavə gərginlik gətirən mövqe nümayiş etdirməsi artıq nə siyasi, nə də diplomatik baxımdan izah oluna bilər.
"Əksinə, Avropa İttifaqı regiondakı yeni reallığı nəzərə almalı və sülh prosesini uzadan deyil, sürətləndirən təşəbbüslər ortaya qoymalıdır. Sülhə mane olan bəyanatlar, birtərəfli sənədlər və köhnə radikal yanaşmalar nə regiona nə də Aİ-nin siyasi imicinə fayda verir. Bu səbəbdən, təşkilat daha konstruktiv mövqe nümayiş etdirməli və yaranmış real imkanları qiymətləndirərək sülh prosesinə töhfə verən addımlar atmalıdır", - siyasi şərhçi deyib.