İsveç Böyük Britaniyanın Liverpul şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub.
“Report” xəbər verir ki, İsveçi məşhur ifaçı Lorin “Tattoo” mahnısı ilə təmsil edib.
Tamaşaçılar və münsiflər heyəti Skandinaviya nümayəndəsinə ümumilikdə 583 bal veriblər.
Beləliklə, İsveç artıq 7-ci dəfə Avropanın əsas mahnı müsabiqəsinin qalibi olub. Lorin isə müsabiqədə iki dəfə qalib gələn ilk qadın olub. Daha öncə o, 2012-ci ildə Bakıda keçirilən müsabiqədə birinci olmuşdu.
Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər. Maksimum olan 12 xalı isə İsrail təmsilçisinə layiq görüblər. Azərbaycanın ballarını İctimai TV-nin aparıcısı Nərmin Salmanova elan edib.
Xatırladaq ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.
Qeyd edək ki, Azərbaycanda müsabiqəni İctimai TV yayımlayıb.