Şabranda VII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Qış düşərgəsi başlayıb

Sosial müdafiə
  • 25 dekabr, 2025
  • 12:47
Şabranda VII Qardaşlaşmış Qarabağ Məktəbləri Qış düşərgəsi başlayıb

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII "Qardaşlaşmış Qarabağ Məktəbləri" Qış düşərgəsinə start verilib.

"Report" xəbər verir ki, düşərgə çərçivəsində Fransanın Nant şəhərində fəaliyyət göstərən "Həftəsonu Qarabağ Məktəbi"nin şagirdləri ilə Azərbaycanın ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları bir araya gəliblər.

"Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən düşərgənin əsas məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvlərinə, xüsusilə də övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsidir.

Həmçinin xaricdə yaşayan azərbaycanlı uşaqlar ilə Ana Vətəndə təhsil alan şagirdlərin birgə düşərgə təcrübəsi onların Azərbaycan dili, tarixi və mədəniyyətinə bağlılığının gücləndirilməsinə, milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə verəcək.

Eyni zamanda bu cür layihələr gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması, xaricdə yaşayan gənc nəsillə Vətən arasında davamlı və möhkəm əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Açılış mərasimində çıxış edənlər layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.

Tədbir zamanı "Qardaşlaşmış Qarabağ Məktəbləri" layihəsi çərçivəsində əvvəlki illərdə təşkil olunan düşərgələrə həsr edilən videoçarx nümayiş etdirilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, dekabrın 29-dək davam edəcək düşərgə ərzində iştirakçılar üçün maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər, yaradıcı məşğələlər və sağlamlıq yönümlü proqramlar təşkil olunacaq. Bu fəaliyyətlər uşaqların dünyagörüşünün genişlənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və komanda ruhunun formalaşmasına xidmət edəcək.

Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti