Həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışı üçün pilot layihə təqdim edilib

Sosial müdafiə
  • 29 yanvar, 2026
  • 11:32
Həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışı üçün pilot layihə təqdim edilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas kateqoriyalara aid şəxslərin əl işlərinin satışını təşkil edəcək dostart.az pilot layihəsinin (satış portalı) təqdimatı olub.

"Report"un məlumatına görə, təqdimat mərasimində bildirilib ki, həmin platforma üzərindən satış zamanı "vergi güzəşti" tətbiq ediləcək.

Diqqətə çatdırılıb ki, satışdan əldə olunan gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmaması, yalnız ödəmə mənbəyində 2 % verginin tutulması nəzərdə tutulur.

Həmin platforma vasitəsilə həssas qruplardan olan şəxslərin hazırladıqları əl işləri vahid onlayn platforma üzərindən daha geniş auditoriyaya çatdırılacaq. Bu isə onların özünüməşğulluq bacarıqlarının inkişafına və cəmiyyətin iqtisadi həyatında fəal iştirakına real imkan yaradacaq.

Hazırda portala 250-yə yaxın əl işi yerləşdirilib və Azərbaycan, rus və ingilis dillərində məlumatlar daxil edilib. Pilot layihəyə həmçinin xüsusi "Müyəssərlik menyusu" quraşdırılıb ki, bu da görmə məhdudiyyətli və disleksiyadan əziyyət çəkən şəxslər üçün istifadəni asanlaşdırır.

Pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunmasının planlaşdırıldığı vurğulanıb.

44 filmi